Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayır. Komandamız səfrdə Polşanın “Rakuv” futbolçuları ilə üz-üzə gələcək. Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib. 51 yaşlı mütəxəssis rəqibin heç də asan olmadığını bildirib: “Bu rəqiblə Türkiyədəki toplanışda üz-üzə gəlmişik. Amma komandada xeyli dəyişiklik var. İndi daha intizamlı və keyfiyyətli kollektiv olublar. Rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik”

“Rakuv”u çalışdıran David Şvarqa isə “Qarabağ”ın güclü tərəflərindən bəhs edib: “Yüksək pressinqi, topla intizamlı davranışı olan və təkbətək mübarizədə kifayət qədər güclü komandadır. Biz buna hazırıq. Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”

Qeyd edək ki, Çenstoxova şəhərinin “Miejski” stadionunda keçiriləcək “Rakuv” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Oyunu Lukas Fandrixin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək.